Xızı rayonunda 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib.
ATİAHİ Xızı rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirə qadın müəllimlər dəvət edilib.
Xanımları təbrik edən Xızı rayon komitəsinin sədri Zaur Zeynallı bildirib ki, bu gün Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir: “Azərbaycan qadını tarixin bütün dövrlərində ən ağır sınaqlardan üzüağ çıxaraq taleyüklü məsələlərin həllinə layiqli töhfə verib. Sədaqətli ömür-gün yoldaşı, gözəl ana olan qadınlarımız həm də qəhrəman döyüşçü, sərkərdə kimi də adlarını Azərbaycanın şanlı tarixinə yazıblar. Tomris, Nüşabə, Sara xatun, Natəvan və digər bu kimi fədakar analarımız bugünkü xanımlarımıza gözəl nümunədir. Biz torpaqlarımızı işğaldan azad etdiyimiz Vətən müharibəsində Azərbaycan qadının dəyanətini gördük və buna bütün dünya şahid oldu. Həmişə üzünüz ağ olsun şəhid anaları. Biz Sizin qarşınızda baş əyirik”.
Sonda bir qrup qadın təhsil işçisinə rayon komitəsi tərəfindən Fəxri fərman və hədiyyələr təqdim olunur.